fbpx

ATMU və AzPMA arasında anlaşma memorandumu imzalandı

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Layihələrin İdarəedilməsi Azərbaycan Assosiasiyası (AzPMA) layihə menecmenti sahəsində ali təhsildə dayanıqlı inkişafı dəstəkləmək, beynəlxalq standartlar əsasında tələbə, professor-müəllim heyəti və bu sahədə peşəkar nailiyyətlərə imza atmaq niyyətində olan şəxslərin səriştələrinin artırılması məqsədilə əməkdaşlığa start verdilər.

Əməkdaşlıq çərçivəsində qarşılıqlı maraq kəsb edən tədbirlərin keçirilməsi, müştərək layihələrin icra olunması, bu sahənin inkişafında milli və beynəlxalq təlimlərin icrası nəzərdə tutulur.  Əməkdaşlığın digər mühüm prioriteti ATMU tələbələrinin beynəlxalq IPMA  standartları üzrə sertifikatlaşdırılması üçün təqaüd proqramının icrasıdır.

İmzalanmış “Anlaşma memorandumu”-na əsasən ATMU-da IPMA təlim mərkəzinin yaradılması nəzərdə tutulur. Mərkəz yüksək kvalifikasiyalı peşəkarlar tərəfindən IPMA sertifikasiyasına hazırlaşmaq istəyən bütün şəxslər üçün təlimlərə başlamaq məqsədilə tezliklə müraciətlərin qəbuluna start verəcəkdir.

Təlim iştirakçıları daha sonra IPMA sertifikasiya imtahanında iştirak edərək bu nüfuzlu beynəlxalq təşkilatın layihə idarəetməsi sahəsində sertifikatını əldə edə bilərlər.